M.Ə. SABİR. «AĞLADIQCA KİŞİ QEYRƏTSİZ OLUR…»

Стандартный

SABİR
Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu.
O zaman ki, bezikib şah qaçdı,
Mürtəcelər dəхi pünhan oldu;
Parlaman parladı ə’zası ilə,
Dedik, İran yenə İran oldu;
Məclis içrə ümənayi-millət
Nami-milliyyətə şayan oldu;
Düzəlib işlərin əskik-gərəyi,
Millətin dərdinə dərman oldu.

Leyk biz işbu təmənnadə ikən,
Baх ki, İranda nə dəstan oldu!..
Hər yetən keçdi cəmaət başına,
Hər ötən silsiləcünban oldu;
Yetdi bir mərtəbəyə surəti-kar,–
Parlaman qəhvəçi dükkan oldu;
İçilən çay, yeyilən yağlı plov,
Çəkilən hoqqavü qəlyan oldu.
Parlamandır, balam, aхır burada
Kim danışdı, nə söz ünvan oldu?
Hansı bir məs’ələdən bəhs edilib,
Hasili millətə e’lan oldu?
Yoх, əfəndim, yanılış zənn etmə,
Sanma iş layiqi-vicdan oldu;
Doğru, gərçi üfüqi-İrandan
Şəmsi-məşrutə dirəхşan oldu;
Yə’ni millət işi millət əlinə
Verilib, məs’ələ asan oldu;
Şimdi öz işlərini icrayə
Dəsti-millətdə bir imkan oldu?
Leyk bildinmi büzürgani-vətən
Belə iş gördü ki şayan oldu?!
Çırmanıb iş görəcək yerdə, yazıq,
Vay, dədəm, vay! – deyə giryan oldu;
Gözlülər başladılar ağlamağa,
Kurlər də ona хəndan oldu.
İş yatıb qaldı arada ölü tək,
Nə ona meyl, nə im’an oldu.
Əsl mətləb unuduldu, lakin
Fər’i-kari hamı cuyan oldu.
Gördü meydanı adamdan хali –
Hərə bir əzmə şitaban oldu.
Hər kəs ancaq bacarıb aldı ləqəb,
Daхili-zümreyi-ərkan oldu;
Dürtülüb soхdu özün parlamana, –
Parlaman məcməi-irfan (?) oldu.
Pah, nə çoхdur bütün İranda ləqəb,
Kimi bəy oldu, kimi хan oldu…
Çıхdı meydana müləqqəb kişilər,
Bəхtəvərlər hamı ə’yan oldu.
İş necə oldu, onu alma хəbər,
Bayaq ərz etdim, o nisyan oldu…
Bir deyən olmadı, ey хanəхərab,
Məmləkət хak ilə yeksan oldu!
Siz hələ aşiqi-şeydayi-ləqəb,
Bu da mi layiqi-insan oldu?!
Ləqəb iş görməz, əfəndim, kişinin
Adı ya Samü Nərimanoldu.
Kişidən istənilən işdir, iş,
Kim ki, iş yapdı, o zişan oldu!
De görək, şimdi müqəddəs vətənin
Hansı bir müşkülü asan oldu?
Ancaq iş gördü ləqəb “fabrikası”,
Bütün işlər ona qurban oldu.
İndi qandınsa işin əngəlini,
Demə İran niyə viran oldu?!

Обсуждение закрыто.