TURAL TURAN. «DAYANIR SAATLARIN NƏBZİ BİR ŞEİRLİK…»

Стандартный

Tural_Turan

*
Boynuma hörüklü kəndir kimi dolanır bu qadının səsi.
Qulaqlarımda intihar edən hıçqırtıları
ovucumda «göyərir».
Gülüşlərim saç ağardır bir pıçıltının altında.
Gözlərimin səhnəsində əllərim köhnəlir,
pərdə — pərdə üzümə çəkilir.

Bu səsdə tanrılar ağı deyir təkliyinə.
Bu səsdə əzrailin üstünə ölüm kükrəyir.
Əlləri qumbaralıdı bu səsin,
Çəliklə yeriyir alın yazısının üstünə.
Otuz iki dişin qanı batır bu səsdə…
Dayanır saatların nəbzi bir şeirlik.
Bu səs ətini çürüdür əlimdəki şəkillərin,
Sümüklərini divardan asır,
saralmış zamanların.
Ana bətnlərini hördüyü gödəkcəyə bükür.
Əlil qulaqların ayağından yapışır,
Söykəndiyi çəliyi tullamaq üçün.
Bir qadın boğazında üşüyür ayaqları
Bu səs payızına corab toxuyur…

Dəli evindən reportaj

(esse –düzgü)

N saylı dəlixana.
Sakit, burada o dünyadan gələnlərin sirləri yatır;
Bir də insanlığın.

İndi Mau Zedun iş saatı elan edib fəhlələrə
Günah lövhələrinə sürünən ölümlər çəkir,
Dul qalmış divarlarla evlənib
Qadın hasarları ocaq edən dəlilər.
Ən ağır çəkili şair olacaqlar bir azdan
Üç yarımçıq cümlə yazaraq,
Dördüncü sətiri ağ saxlayanlar.

Dəlilərin “tanrı kitabı”nda
Allah kirvə xonçasında qonaq gəlir talelərə…
Gecə məktəbində dəliliyin naxışlarını hörürlər bəzən –
Ağacların beş manata zorladığı bakirə dəliləri,
Qamışlıqda basdırılan,
Doğulmamış uşaqları gilləşdirib
Tanrıya qaytarırlar.

Taxta üzərində muncuqdan
Göz oyur, dəliliyin “beyin ölçüsünü” toxuyanlar.
Bəzən sözləri kilidləyirlər
Ağac kötüklərinə
Tanrının hicablı şəkillərini çəkərək.

Bəzən də özlərinə dərs keçirlər
Yazı taxtalarına üzsüz adam cizgilərini köçürərək.

Yenə toplaşıblar sınıq televizorun başına,
Tanrının axşam xəbərlərini eşitmək üçün;

Bir uğultu xəbərlərə başlayır,
Televizor elektrikə qoşulmamış:

“Salam, bu dünyada öldürüb ağıl verdiyim adamlar!
Sabah tanrı seçkiləridir, mənə yox, Allaha səs verin.
Di gedin yatın!”

Bu zaman kosmonavt dəlilər başçısı
axşam laylasını oxuyur:

Bizim hərəmiz bir Yupiterik,
Yığışmışıq dörd divarlı kraterə!
Az qalıb Mau Zedun,
Tezliklə düşəcəyik yerə.
Ona kimi bütün günahsızları,
Dil açmamışları öldür ki,
Başlarına düşməyək.
Biz günahsız ölmək üçün
Yaradana söz vermişik.
Yorğanı çəkək ki, başımıza,
Üşüməyək, üşüməyək, üşüməyək…

P.S: Nəqarət yoxdur,
Laylanı təkrar oxuyurlar…

Обсуждение закрыто.