EMİL RASİMOĞLU. «HƏLƏ ŞAM İŞIĞINDA…»

Стандартный

Emil_Rasimoğlu.jpeg

Allahın üstünə it hürür otağımın küncündə…
Məktubları yandırma,
külünə vurularsan barmaqlarımın,
allah eləməsin yıxılarsan bu qapqara payızdan,
birdən ölərsən sonuncu şəklimdə…

Saatın kəfgiri ömürdən uzun…
Sənə oxşayan bu yağışda çətirsizdi səninlə yaşıd qucağım
Anamın köhnəlmiş gözlərində təptəzə qəbrim daralır,
ölür təkayaqlı başdaşı.
Hələ şam işığında dilənir azan səsi,
dilənir bir qadın şəhərində.

Səhəri açılmır fahişə duaların
və bir də küçə itlərinin,
və bir də
İsa, Musa, Məhəmməd adlı göy üzünün.
Sən demə,
adam ayağlarıyla sevişərmiş kor rəssamın tablosunda…

…Mən hardan biləydim
divarlara payız gecələr gəlirmiş,
…və balıqların səsindən yuxusu qaçırmış yalqızların.
Yoxsa, toxunmazdım külqabıların bakirəliyinə də…
Mən hardan biləydim
qadın- azadlıq adlı həbsxanaymış,
Allahsa ən böyük ateist.
…İndi sevinməyə doğum günüm də yoxdu.

Deyirdim, ayrılmağa sevgi də çatmayacaq, ömür də…
Amma
əllərimizə qədər düşmən olduq qapıların darıxdığı evdə.
Unutma ki…
Sən bütün şəkillərin adını dəyişdin, rəngini güllələdin,
Mənsə yandırdım bütün Vətən şəkillərini sənə görə.

Darıxma,
bir gün tapılacaq alnının qırışında gizlətdiyin adam
Onda bətnin ovulacaq,
onda söyəcəksən güzgüyə
Onda birisi deyəcək: — Gözün aydın…!

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.