Daily Archives: 12.04.2017

«KOROĞLU” DASTANI: “HƏMZƏ, ATI YAXŞI SAXLA, AT İGİDİN QARDAŞIDI…”

Стандартный
«KOROĞLU” DASTANI: “HƏMZƏ, ATI YAXŞI SAXLA, AT İGİDİN QARDAŞIDI…”

Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi:
– Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. Aldı əlüstü,
görək nə dedi:
Həmzə, atı yaxşı saxla,
At iyidin qardaşıdı.
Gündə muğayat ol yoxla,
At iyidin qardaşıdı.
Yaz olanda dağa yollat,
Yay olanda ifçin nallat,
Qış olanda məxmər çullat,
At iyidin qardaşıdı.
Atı sevib bəslə körpə,
Hayqıranda çıxsın sarpa.
Hər yeyəndə qırx tas arpa,
At iyidin qardaşıdı.
Uzaq-uzaq yollarınan,
Belə ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At iyidin qardaşıdı.
Məclis qurdum çoxlarınan,
Dava etdim oxlarınan,
Qara polad mıxlarınan,
At iyidin qardaşıdı.
Sərin-sərin yu suyunan,
Quyruğu bağlı muyunan,
Qoç Koroğlu çox öyünən
At iyidin qardaşıdı.

“HƏMZƏNİN QIRATI APARMASI” QOLUNDAN