«KOROĞLU»: «UCA DAĞLARIN BAŞINDAN, YOLUM AY MƏDƏT, AY MƏDƏT…»

Стандартный
«KOROĞLU»: «UCA DAĞLARIN BAŞINDAN, YOLUM AY MƏDƏT, AY MƏDƏT…»

“KOROĞLUYNAN BOLU BƏY QOLU”

 

Isabalı Dünya xanımla Koroğlu olan quyunun başına gəldi. Hələ
quyuya çatmamışdılar ki, İsabalı gördü bir oxumaq səsi gəlir. Huşkuşla
qulaq verib, gördü Koroğlu quyudan bu səsləri oxuyur:

 

Uca dağların başından
Yolum ay mədət, ay mədət!..
Yaman yerdə tutdu məni
Ölüm, ay mədət, ay mədət!..

 

 

Belimdə yoxdu qılıncım,
Müxənnətə çatmır gücüm,
Nə yorğan var, nə də cecim,
Zülüm, ay mədət, ay mədət!..

 
Hanı nizəm, hanı atım?
Kəsildi şanı-şövkətim,
Çənlibel kimi sərhəddim,
Elim, ay mədət, ay mədət!

 
Sinəm odlandı köz kimi,
Miskin olarmı biz kimi?
Dada yetə Eyvaz kimi
Dəlim, ay mədət, ay mədət!..

 
Altıma döşərdim xalı,
Yoxdu mənim kimi dəli,
Bu günümdə İsabalı
Gəlimi, ay mədət, ay mədət!..

Обсуждение закрыто.