ALLAH BİZİM CƏZAMIZI VERSİN…

Стандартный

Самид_Иманов.jpg

Deyəsən, 20 yanvar və Xocalı ilə yanaşı daha bir faciəli tarix – “aprel müharibəsi” də özünün tam əksinə çevrilir və bayram kimi olmasa da, bayrama oxşar bir gün kimi qeyd olunur….

İndiyəcən ölənlərin rəsmi siyahısı yoxdur. Bu, cinayət deyilmi? Əgər “aprel müharibəsi”ndə uğur qazanılıbsa, bu “uğuru” həyatı bahasına qazanmış əsgər və zabitlərin siyahısı niyə yoxdur? Xalq öz qəhrəmanlarının adlarını hardan, kimdən öyrənməlidir?

Ancaq bir məsələ var ki, heç xalq özü də qəhrəmanların adlarını öyrənmək həvəsində deyil. Ümumiyyətlə, xalqda öz qəhrəmanlarına, hətta bu qəhrəmanlığı həyatları bahasına qazanmış hərbi əsgər və zabitlərə hörmət yoxdur. Tək-tük adam tapılar ki, milli qəhrəman adına layiq görülmüş iki-üç nəfərin adını çəkə bilsin. “Sovet İttifaqı Qəhrəmanı” adı indiyəcən çoxunda, hətta Sovet İttifaqında yaşına görə yaşamamış gənclərdə belə riqqət və hörmət doğurur. Niyə “milli qəhrəman”adına hörmət yoxdur sualı mürəkkəb, ancaq izah oluna bilən məsələdir. Bu, əsasən deqradasiya yaşayan mənəvi vəziyyətimizlə və ən çox dövlətçiliyimizin, ciddi hesabla götürsək, əmələ gəlməməsi ilə bağlıdır. Dövlətin dilinə, hərbi elitasına, qəhrəmanlarına hörmət yoxdursa, o dövlətin əsası çürükdür və gələcəyi dumanlıdır.

Dünən “Ocaq” qəzetinin FB səhifəsində Milli qəhrəman mayor Samid İmanov haqqında məlumat yerləşdirmişəm. Dünəndən bəri 38 dəfə baxılıb və bir dəfə də paylaşılmayıb. Peterburq metrosunda həlak olmuş azərbaycanlı qız haqqında yerləşdirdiyim məlumata baxımların sayı bu dəqiqəyə kimi 438 dəfə baxılıb. Fərqi görürsünüz? Əlbəttə, 21 yaşlı qızın terror qurbanı olmağı faciədir, buna şübhə ola bilməz. Ancaq niyə 35 yaşlı mayorun vətən, millət uğrunda həlakı faciə deyil? Samidin bioqrafiyasına baxın: gözəl hərbi thsil alıb, Türkiyədə, Pakistanda. İsveçrədə, Rumıniyada kurslarda və təlimlərdə olub, bir müddət müdafiə nazirinin mühavizəsinə rəhbərlik edib, könüllü cəbhə bölgəsinə qayıdıb… Hər hansı başqa ölkədə bu, siyasi elitadır, millətin, dövlətin gələcəyidir…Bizdə insanlar özlərinə zəhmət verib şəklinin altından “Allah rəhmət eləsin” də yazmırlar…

Allah sizin cəzanızı versin…

Bəlkə Samid İmanov da ayağı yer tutan kimi özünü verəydi Rusiyaya? Bir vaxt «vay dədə, erməni gəlir!» deyib yurdlarını atıb aradan çıxmış on minlərlə fərariyə qoşulub qəlyanaltıxanalarda Qarabağın şəninə araq vuraydı? On minlərlə, bəlkə hələ çox şuşalı, kəlbəcərli, qubadlılı, ağdamlı, zəngilanlı belə yaşamırmı?

Samid İmanov ya onun kimi başqa əsgər və zabitlərimizdən hər biri Peterburqda, Moskvada, Soçidə, Yekaterinburqda öz təhsilində, öz biznesində olsaydı və bədbəxt hadisə nəticəsində həyatlarını itirsəydi, on maraq qat-qat artıq olardı. Bəli, biz hətta bandit haqq-hesablarında ölən azərbaycanlılara öz qəhrəmanlarımızdan, cəbhədə həyatlarını itirən fəhlə-kəndli balalarından artıq diqqət və hörmət göstəririk. Və hakimiyyət də bu hörmətsizliyi dövlət səviyyəsinə qaldırır: apreldə qırılanların çoxu ölümlərindən sonra medal, özü də üçüncü dərəcəli medalla təltif olunublar…

Allah bizim cəzamızı versin…

Necə ki, verir…

 

X.X.

05.04. 2017

Обсуждение закрыто.