RÜFƏT ƏHMƏDZADƏ: «BU MƏNƏM, MƏN DEYİLƏM…»

Стандартный

Rüfət_Əhmədzadə_(yazıçı,_satirik_şair)

Başa sal sən məni əvvəl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm.

 

Cəmi üç-dörd ay olar işdə çəkiblər qabağa,

Elə üç-dörd ayın ərzində də döndüm qabağa.

O zamandan bu yana cəhd edirəm anlamağa,

Bilmirəm amma mükəmməl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm mən deyiləm.

 

Bir zamanlar nə danışdımsa, mənə key dedilər,
Özü də bir dəfə yox, on dəfə yox, hey dedilər.

Nə olub bunlara birdən belə “ləbbey” dedilər,
Sözümə yoxdu qoyan pəl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm mən deyiləm.

 

Qapılar, pəncərələr bağlı olardı üzümə,

Dost-tanışlar da görünməzdi uzaqdan gözümə.

Sürünüb kölgə kimi indi düşüblər izimə,

Yalvarırlar, bizə bir gəl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm mən deyiləm.

 

Hansı məclisə gedərdimsə düşərdim qırağa,
Həsrətiydim yanaşım ortada bir balqabağa,

Şənimə niq eləyib indi dururlar ayağa,
Uzanır badəmə yüz əl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm.

 

Nə zamandan bəridir son qoyulub qiylü-qala,

Hərə öz zir-zibilin indi soxubdur çuvala.

Saymayanlar məni qarşımda dönüblər suala,

Olmuşam onlara əngəl, bu mənəm, mən deyiləm,

Qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm.

 

 

Реклама

Обсуждение закрыто.