ZÜMRÜD ƏHMƏDOVA: DİSSERTASİYA MÜDAFİƏ ETMİŞ İLK AZƏRBAYCANLI QADIN

Стандартный

zumrud_axundova-jpeg

Zümrüd Qulam qızı Axundova — İlk azərbaycanlı qadın alim, pedoqoq, tanınmış ziyalı.

Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb : 15(!) yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929- cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931–ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub.

1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində (ADU)çalışıb. 1951-ci ildə dosent elmi adını alıb.

1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir [1]. Akademik Y. Medınski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: “SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir.

Z.Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir. Azərbaycan müəllimi qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirmişdir: “Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir”[2].

Z.Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub. Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb.

İkinci Dünya Müharibəsi dövründə ADU qəzetinin redaktoru olub, əhali arasında təşviqat aparıb.

Z.Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir. «Azərbaycan qadını» jurnalı ilə müntəzəm əməkdaşlıq etmişdir.

Обсуждение закрыто.