«KOROĞLU» DASTANI: «GƏLMƏDİ EYVAZ, GƏLMƏDİ…»

Стандартный
«KOROĞLU» DASTANI: «GƏLMƏDİ EYVAZ, GƏLMƏDİ…»

Verdiyin vədədən keçdi,
Gəlmədi Eyvaz, gəlmədi!
Yağılar qanını içdi,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Çənlibelin obasında,
Könlüm xan Eyvaz yasında,
Çalxanır qan dəryasında,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Düşmüşdün boğaz loyuna,
Yollandın ceyran oyuna,
Qurbanam Eyvaz boyuna,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Sərdar ölsə, ələm yatar,
Muxənnət məqsədə çatar,
Çənlibelim yasa batar,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Eyvazı yolladın Şama,
Qılıncınnan qanlar dama,
Vədə vermişdi axşama,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Bayazid qırağı sazdı,
Çöllərində ördək, qazdı,
Düşman çoxdu, onlar azdı,
Gəlmədi Eyvaz, gəlmədi!

 
Eyvaza bəslədim güllər,
Ötüşməz şeyda bülbüllər,
Ay Nigar, başına küllər,
Gəlmədi Eyvaz, gəlmədi!

(KOROĞLUNUN BAYAZİD SƏFƏRİ)

Реклама

Обсуждение закрыто.