EVİMİZƏ HAÇAN GƏLİB…»SARI GƏLİN»…

Стандартный

You Tube-da «История Сары гялин» filminə baxdım, heç nə başa düşmədim…

Mən istərdim ki, xalq musiqisi həvəskarları özlərinə bir sual versinlər: “Sarı gəlin” mahnısını ilk dəfə haçan və kimin ifasında eşidiblər? Mahnı nə vaxt ilk dəfə lentə alınıb?

Mənim yaşım çoxdur və bir vaxtlar həvəskar musiqiçi olmuşam. Mən Xan Şuşinskinin, Sara Qədimovanın, Yavər Kələntərlinin, Əbülfət Əliyevin, Rəşid Behbudovun ifasında bu mahnınnı eşitməmişəm. Gözəl bir ifaçı vardı, Leyla Hüseynova, ondan, mənim fikrimcə, Qədir Rüstəmov da öyrənib. Ancaq Leyla Hüseynovanın da ifasında “Sarı gəlin” olmayıb. Mən ilk dəfə bu mahnını Qədir Rüstəmovun ifasında eşitmişəm və çox bəyənmişəm. Sonrakı ifalar ürəyimə yatmır. Hətta Akif İslamzadə oxuyanda da darıxıram.

Mən peşəkar musiqiçi deyiləm, deyə bilmərəm ki, bu mahnı haçan yaranıb, harda yaranıb və kimindir. Ancaq bu mahnı bütün başqa Azərbaycan xalq mahnılarından seçilir. Qətiyyətlə. Bizim mahnıların strukturu elədir ki, onları hamı oxuya bilir. Yəni az-çox eşidimi olan insan o mahnıları ifa edə bilər. Ancaq “Sarı gəlin”i oxumaq səriştəsi olmayan insanın ifa etməsi çətindir. İnanmırsınızsa, yoxlayın. “Saçın ucun” ifadəsi çox aşağıdan oxunur, birdən qəti keçid olur, bunu da xanəndə olmayan adamın xaric vurmadan ifa etməsi çox çətindir. Melodiyada başqa, bizim musiqi üçün səciyyəvi olmayan intonasiyalar da var ki, onun bütün Azərbaycan xalq mahnılarından fərqləndirir. Ayrı şey demək istəmirəm…

O ki qaldı o flmdə söylənilən tarixə, o, cəfəngiyyatdır. Xalq mahnılarımızın çoxunun tarixi qədim deyil. “Küçələrə su səpmişəm” mahnısına fikir verin. Samovar bizə nə vaxtdan gəlb? Stəkan nə vaxtdan gəlib?

Aşıq havalarımız qədimdir, çünki saz qədimdir. Tarla, kamanla müşaiyət olunan mahnılar çox qədim deyil və ola da bilməz. Sadıqcan tarı indiki hala nə vaxt salıb? Kamançanın tarixini bilirsinizmi? Üçlüklər nə vaxt yaranıb?

Yəni ki, mahnı üstünmdə dava salıb qeyrət göstərməklə xalqı özümüzə güldürərik. Ağdam üstündə dava salmağa dəyər. Çünki Qədir Rüstəmov orda yaşayıb. O Qədir ki, “Sarı gəlin” mahnısını nahnı edib…

X.X.

Реклама

Обсуждение закрыто.