30 AVQUST 1991 — MÜSTƏQİLLİK HAQQINDA BƏYANNAMƏ (MƏTN)

Стандартный

30 AVQUST

30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi (30 avqust 1991) Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

 Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,

 SSR Ġttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir.

 

Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmişdir.

Реклама

Обсуждение закрыто.