Daily Archives: 12.08.2016

ŞƏHİDLƏR: KƏLBƏCƏRLİ QƏHRƏMAN SƏRDAR SƏFƏROV

Стандартный

Serdar-Seferov-milliqehrema

Sərdar Mədəd oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979— 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.

1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.

Azərbaycan Respuikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Kəlbəcər rayonunda dəfn edilmişdir.

 

Реклама

ŞƏHİDLƏR: 18 YAŞINDA HƏLAK OLMUŞ EMİN QULİYEVİN BU GÜN 40 YAŞI OLARDI…

Стандартный

 

EMİN QULİYEVEmin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev «N» saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adna layiq görülmüşdür.

vikipediya

 

12 AVQUST — QABİLİN 90 İLLİYİ

Стандартный

Qabil_İmamverdiyev

Qabil Allahverdi oğlu İmamverdiyev — Azərbaycan Respublikasının Xalq Şairi. 1949-cu ildən AYİ-nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1984).

Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (19441948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. «Azərbaycan» jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (19751979) vəzifələrində işləmişdir.

AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.

Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir.

SƏHV DÜŞƏNDƏ
YERİMİZ

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis…
Yağış tökür talışa
Hey-hey gərəksiz…
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb…
Heyf… korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969