Daily Archives: 29.06.2016

29 İYUN 1978 — DAXİLİ İŞLƏR NAZİRİ ARİF HEYDƏROV ÖZ KABİNETİNDƏ ÖLDÜRÜLÜB

Стандартный

Arif_Heydərov

Arif Heydərov — Azərbaycan SSR-nin Daxili İşlər naziri (1970-1978-ci illər), general-leytenant.

Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Atası Nəzər Heydərov  1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı idi.

Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin Qırmızı Bayraq, «Şərəf nişanı» ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu.

Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.

Adına Bakıda tanker, küçə, hospital və məktəb vardır.

 

Реклама

ŞƏHİDLƏR: MİLLİ QƏHRƏMAN ELXAN ZÜLFÜQAROV

Стандартный

Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur.  1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır.

Elxan-Zulfuqarov-milliqehr

1988-ci ildə Ermənistandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.

Оnu «Edik» kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur.

Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir.

Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi, dörd övladı qalıb.

16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanla Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.