
Şair və müəllim Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 10-da Şamaxıda anadan olmuş, 7 yaşından anası Səkinə xanımın himayəsində qalmışdır. Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn onu yanına aparmış və şair yeniyetməlik dövrünü babasının himayəsində keçirmişdir. İbtidai təhsilini orada alan Şirvani bir neçə Dağıstan ləhcəsi də öyrənmişdir. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıtmışdır. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda yaşamışdır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir və 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyanı ziyarət edib vətənə qayıdan Seyid ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıqla məşğul olur.
«Əkinçi» qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq etmişdir.
1877-ci ildə Seyid Əzim Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzəlmiş, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləmişdir. 1879-cu ildə «siyasi cəhətdən şübhəli müəllim» kimi işdən çıxarılmış, Tiflisə şikayət etdikdən sonra yenidən öz vəzifəsinə qaytarılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayır. 1887-ci ildə maarif sahəsindəki xidmətlərinə görə «Za userdiye» medalı ilə təltif olunmuşdur. Maddi ehtiyac içində yaşayan şair bu medalı almaq üçün 7 manat 50 qəpiyi tapa bilmədiyindən yalnız ölümünə 10 gün qalmış 1888-ci ilin may ayında almışdır.
Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmiş və öz vəsiyyətinə görə Şaxəndan qəbirsanlığında dəfn edilmişdir.
QƏZƏLLƏR
Olmasaydı qəmi-eşqin dili-viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.
O qara xalı mənə versələr qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda.
Tutanı müshəfi rüxsarüvü ol kafər xət,
Görünür gör nə xələllər mənim iymanımda.
Eyləməz aşiqi aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?
Düşəni xublərin könlümə fikri, Seyyid,
Əlli Yusif tapılır külbeyi-əhzanımda.
========================
Bir zaman biz dəxi ol mah ilə həmxanə idik,
Şəm`i-ruxsarəsinə yanmağa pərvanə idik.
Şuri — mey başda, əyaq əldə, səbu zanudə,
Məclisi-eyşdə həmkaseyi-cananə idik.
Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz
Həlqeyi-silsileyi-zülfdə divanə idik.
Hüsnünə məzhər idik ol büti-simin bədənin,
Üzünə ayinə, geysulərinə şanə idik.
Uzadıb başımızı xumdan içərdik meyi-nab,
Məst meyxanədə biminnəti-peymanə idik.
İndi bir özgə sayaq ilə ötürsən bizdən,
Biz məgər kim, sənə, ey gül, belə biganə idik?
Ol büti-Leylivəşin aşiqi-Məcnunu olub,
Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik.