31 MAY 1931 — CÜMHURİYYƏTİN BAŞ NAZİRİ NƏSİB BƏY YUSİFBƏYLİNİN QƏTL GÜNÜ

Стандартный

Nesib_bey_Yusifbeyli_

Yusifbəyli Nəsib bəy Yusif oğlu (1881-1920) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, publisist.

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının «Tərcüman» qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər «Türk dərnəyi» cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalmışdır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə «Molla Nəsrəddin» jurnalına və qəzetlərə məqalələr göndərmiş, «Müsəlman xeyriyyə cəmiyyəti», «Müsəlmanların maariflənməsi cəmiyyəti», «Aktyorlar cəmiyyəti»nin fəaliyyətlərində yaxından iştirak etmişdir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə «Milli Federalistlərin Türk Partiyası»nı yaratmışdır. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə «Müsəlman Demokratik Müsavat Partiyası» ilə birləşərək «Müsavat» adlandırılmağa başlamışdır.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci ilmay ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirmişdir.

 

Реклама

Обсуждение закрыто.