Daily Archives: 18.04.2016

ZƏNGİLANIN TANINMIŞ MÜƏLLİMİ TOFİQ HACIYEVİN VƏFATI MÜNASİBƏTİYLƏ

Стандартный

TOFİQ MÜƏLLİM ZƏNGİLAN

Zəngilanın tanınmış və hörmətli ziyalısı Tofiq Hacıyev vəfat edib.

Tofiq müəllimin uzun illər çalışdığı Zəngilan şəhəri 1 saylı orta məktəbin məzunları mərhumu gözəl pedaqoq, bacarıqlı tədris təşkilatçısı, alovlu vətənpərvər kimi xatırlayırlar.

“Samara vilayəti azərbaycanlılarının Liqası”nın  rəhbəri, Samara Vilayətinin İctımai Palatasının üzvü Şirvan Mürvət oğlu Kərimov Tofiq müəllimin vəfatından dərindən kədərləndiyini bildirir, mərhumun ailəsinə, bütün əzizlərinə, yaxınlarına başsağlığı verir.

Реклама

18 APREL — GÖRKƏMLİ XANƏNDƏ MƏCİD BEHBUDOVUN DOĞUM GÜNÜ

Стандартный
18 APREL — GÖRKƏMLİ XANƏNDƏ MƏCİD BEHBUDOVUN DOĞUM GÜNÜ

Behbudov Məcid Behbudalı oğlu (18.4.1873, Şuşa—6.9.1945, Qazax)-Görkəmli Azərbaycan xanəndəsi.

O, 1873–cü ildə Şuşada doğulmuşdur.Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu. Müğənni olmağı arzu edən M. Behbudov gənc yaşlarından xanəndəliyə başlamışdır. Ailəsi ilə Tiflisə köşdükdən sonra, o, burada uzun müddət yaşadı. Azərbaycan milli vokal məktəbinin körkəmli nümayəndələrindən olan M. Behbudov xalq musiqisinin populyarlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. 1914 ildə M. Behbudovun səsi Riqadakı «Qrammofon» şirkətində vala yazılmışdır. Mirzə Hüseyn segahı, Şüştər və Cahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M. Behbudov, həmçinin, musiqili tamaşalarda da çıxış etmişdir. Təbriz, İstambul, Sofiya şəhərlərində konsertlər vermişdir.Məcid Behbudov həm də opera səhnəsində çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının yazdıqları, demək olar ki, bütün opera və operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.

Məcid Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini davam etdirmişlər. Müğənninin oğlu, SSRİ xalq artisti Rəşid Behbudov da öz bənzərsiz səsi ilə dünyanı heyran qoymuşdur. İkinci oğlu – Ənvər Behbudov Rusiyanın xalq artisti, qızı Nəcibə Behbudova isə Azərbaycanın əməkdar artistidir. Onlar milli mədəniyyətin inkişafında mühüm rol oynamışlar.

 

 

 

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MAHİR ŞAFA OĞLU HÜSEYNOV

Стандартный

Mahir_Hüseynov

Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda — təlim düşərgəsində keçirib.

1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.

1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüsenov ölümündən sonra «Döyüş xidmətinə görə» medalı ilə təltif olunub.

 

 

18 APREL — İLK OPERA MÜĞƏNNİMİZ SSRİ XALQ ARTİSTİ ŞÖVKƏT MƏMMƏDOVANIN DOĞUM GÜNÜ

Стандартный

S_mammadova2

Məmmədova Şövkət Həsən qızı (18 aprel, 1897, Tbilisi– 8 iyun 1981, Bakı) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun «Ər və arvad» operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911 ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-29 illərdə olmuşdur). 1917-21 illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərb. musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923 ildə Bakı Teatr Texnikumu (1923-25 illərdə direktoru olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərb. Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta («Traviata», C.Verdi) partiyasında çıxış etmiş, 1948 ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərb. opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.

1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini1927–1930-da tamamilə bitirdi.

Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.

1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.

Əsas partiyaları: Rozina («Sevilya bərbəri», C.Rossini), Lakme («Lakme», L.Delib), Cilda («Riqoletto», C.Verdi), Olimpiya («Hofmanın nağılları», J.Offenbax), Marqarita Valua («Hugenotlar», C.Meyerber), Qar qız («Qar qız», N.Rimski-Korsakov), Antonida («İvan Susanin», M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm («Şahsənəm», R.Qlier), Nərgiz, Gülzar («Nərgiz», «Şah İsmayıl», M.Maqomayev), Gülçöhrə («Arşın mal alan», Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi.

1945-81 illərdə Azərb. Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir (1949 ildən prof.).

 

18 APREL — MİLLİ QƏHRƏMAN RASİM İBRAHİMOVUN DOĞUM GÜNÜ

Стандартный

Rasim_İbrahimov

İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmişdir. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov «Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!»,-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. 

 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanla İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.