17 APREL — BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN DOĞUM GÜNÜ

Стандартный

Zulfuqar_Hajibeyov

Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 — 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.

Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı «böyük qardaş» rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası — «50 yaşında cavan»ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.

Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur.  Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. «Aşıq Qərib» operasında xalq rəvayətindən istifadə olunmuşdur.

XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan «Kənd qızı», «Çoban qız», «Əsgər nəğməsi» məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

O, 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə — «Almaz»a musiqi yazmışdır.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir.

Реклама

Обсуждение закрыто.