16 APREL — ƏFSANƏVİ BƏSTƏKAR QƏNBƏR HÜSEYNLİNİN 100 İLLİYİ

Стандартный

 

qemberhuseynli

Hüseynli Qənbər Məşədi Muxtar oğlu  — (16 aprel 1916 – 1 avqust 1961) — Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1961).

Qənbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “Rast”ı, “Şur”u, “Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda…

1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

Lakin Qənbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qənbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir.

Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var — “Cücələrim”. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.

“Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

vikipediya

Обсуждение закрыто.