12 APREL 1903 — «ŞƏRQİ-RUS» QƏZETİNİN İLK SAYI ÇAPDAN ÇIXIB

Стандартный
12 APREL 1903 — «ŞƏRQİ-RUS» QƏZETİNİN İLK SAYI ÇAPDAN ÇIXIB

1902-ci ildə Məhəmməd ağa Şahtaxtinski xaricdən Rusiyaya qayıtdıqdan sonra öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçüb mətbəə təşkil edir. Yeni qəzet çıxarmaq haqqında hökumətə ərizə verir.

MƏHƏMMƏD AĞA ŞAXTAXTİNSKİ

«Şərqi – rus» qəzetinin birinci nömrəsi 1903-cü il martın 30-da (yeni üsulla aprelin 12-də) çıxmışdır. Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir.

ŞƏRQİ-RUS

Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. «Şərqi – rus»un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.

Tənqiddə liberallıq «Şərqi – rus»a bəzən çox baha başa gəlirdi. Məsələn, qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin, prinsipial cavablar verir, onları «Hacı Zeynalabdinin qələm qoçuları» adlandırırdı. Məqalələrin birində qəzet yazırdı: «Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar… ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyub, ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, mən bunları pişvayi-islam tanıyıb, bunların rəzalətini millət nəzərində fəzilət göstərəm»

» Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır.

 

Обсуждение закрыто.