

Şəhid pilotun oğlu: “Atam mənim qəhrəmanım idi”
https://cosquncalaloglu.wordpress.com/2012/11/05/milli-qəhrəman-ailəsi-olumlə-uz-uzə/
Şəhidlər müqəddəsdir. Bu zirvəyə ucalmaq isə böyük xoşbəxtlik… Taleyinə şəhid olmaq kimi şərəfli bir ömür yazılmış Milli Qəhrəman Pəhlivan Fərzəliyev də belələrindəndir. Təəssüf ki, belə qəhrəmanlarımızdan bəzilərinin ailələri hələ də qayğı və himayədən kənarda qalıb. Belə ailələr arasında hələ yataqxana binalarında, kirayə mənzillərdə yaşayanlar da hələ çoxdur. Pəhlivan Fərzəliyevin ailəsi isə
Bakının Nizami rayonunda E.Süleymanov küçəsindəki 122 saylı uşaq bağçasında məskunlaşıb. Künc-bucağı qopub tökülən, kərpicdən tikilmiş divarların artıq sıradan çıxdığı bir binada.
Bizi 1992-ci ildə şəhid olmuş Milli Qəhrəmanın həyat yoldaşı Sona Fərzəliyeva qarşılayır. Dərhal söhbətə başlayırıq. Həmsöhbətimiz yaşadıqları mənzilin qəzalı vəziyyətə düşməsi haqqında rəsmi qurumlara müraciət etdiyini deyir. Amma indiyədək rəsmi qurumlardan bir cavab ala bilməyib: “Füzulidən məcburi köçkün düşəndən burada məskunlaşmışıq. Bina qəzalı vəziyyətdədir, dam örtüyü sıradan çıxdığından yağan yağış otaqların içərisinə dolur. Dəfələrlə təmir etdirmək istəmişik, amma ustalar deyirlər ki, divarları yenidən hörülməlidir”.
Sona xanım 20 il əvvəl başsız qalmış ailənin bu illər ərzində üzləşdiyi çətinlikləri ürəkağrısı ilə xatırlayır. O, torpaqlarının 20 faizi düşmən tapdağında olan bir ölkədə Milli Qəhrəmanın ailəsinin uşaq bağçasının uçuq-sökük binasında yaşamasını böyük rəzalət kimi dəyərləndirir.
Şəhid Milli Qəhrəmanın böyük oğlu Xaliq Fərzəliyev alitəhsilli iqtisadçıdır. O da anası kimi qəza vəziyyətində olan uşaq bağçasında yaşamalarından böyük narahatlıq keçirir: “İşdə bütün fikrim evdə qalır, qəzalı bina ailəmizin başına uçacaq. Yaşayış şəraiti ilə bağlı aidiyyəti qurumlara müraciət edəndə hər dəfə deyirlər ki, mənzil alacaq ailələr arasında 42-ci sizsiniz, növbəniz çatanda ev veriləcək”.
Xaliq haqlı olaraq hesab edir ki, canını vətən yolunda fəda etmiş Milli Qəhrəman ailəsi belə şəraitdə yaşamamalıdır: “Bəzən fikirləşirəm ki, mənim atam buna layiq idi? Axı, 20 min adamın içindən seçilib Milli Qəhrəman” adını alan şəxlərdəndir. Axı, Qarabağda müharibə başlayanda atam oturub növbə gözləməmişdi, o döyüşə gedəndə 42-ci deyildi. Şəhid ailəsinin uşaq bağçasında ehtiyac içərisində yaşaması, sadəcə olaraq, ayıbdır. 1-2 il olar, amma 20 ildir ki, biz belə şəraitdə yaşayırıq”.
Məsələyə aydınlıq gətirmək üçün aidiyyəti qurumlarla əlaqə saxladıq. Paytaxtın Nizami Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Leyla Abdullayeva dedi ki, adıçəkilən rayonda qeydiyyatda mənzil növbəsində olan Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib: “Milli Qəhrəman Pəhlivan Fərzəliyevin ailəsinin adı da həmin siyahıda 42-ci yerdədir. Ona görə də bu məsələni nazirlikdən aydınlaşdırmaq olar ki, onlara mənzil nə vaxt veriləcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Asəf Əliyev bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə binaların tikintisi davam etdirilir. Onun sözlərinə görə, indiyədək sözügedən təbəqədən olan ailələrin bəziləri mənzillə təmin olunublar: “Mənzillə təmin olunmaq istəyən belə ailələr mütləq yerli icra hakimiyyətlərinə müraciət etməlidirlər. Adıçəkilən qurumlar isə araşdırma aparmalı, lazımi sənədləri hazırlamalı və bizim nazirliyimizə təqdim etməlidirlər. Yalnız bundan sonra nazirlik mənzillərin tikintisi və paylanması ilə məşğul olan komissiya bu məsələyə baxmalıdır. Komissiya yerli icra hakimiyyətləri tərəfindən göndərilən sənədləri yoxladıqdan sonra fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzillə təminatı barədə qərar qəbul edir”.
Konkret olaraq Milli Qəhrəman Pəhlivan Fərzəliyevin ailəsinin indiyədək mənzillə təmin edilməməsinə gəlincə, nazirlik rəsmisi vurğuladı ki, Bakının Nizami rayonunda bu günədək əlillər və şəhid ailələri üçün bina tikilməyib: “Başqa rayonlarda tikilən binalarda Nizami rayonunda qeydiyyatda olan bəzi vətəndaşlara mənzil verilib. Ancaq onların sayı azdır. Yəni müvafiq rayonda qeydiyyatda olanlara mənzil verilir, sonra isə digər rayonların sakinlərinə həmin binalardan mənzil verilə bilər. Milli Qəhrəman Pəhlivan Fərzəliyevin ailəsinin ev məsələsi də bu səbəbdən yubanır. Nizami rayonunda bina tikilmədiyi üçün bu ailənin növbəsi çatıbsa, onların ilin sonunadək, yaxud gələn il mənzillə təminatı mümkünləşə bilər”.
Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.
BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.
Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.
Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.
Fəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Ailəli idi, bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
vikipediya
İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Aktyor «Azərbaycanfilm»in istehsal etdiyi «Kəndlilər» (Daxili işlər naziri), «Bir məhəlləli iki oğlan» (Mahmud), «O olmasın, bu olsun» (Rza bəy), «Əsl dost» (Usta Şirəli), «Yenilməz batalyon» (Yusif), «Mən ki gözəl deyildim» (Poçt müdiri), «26-lar» (Şahbazov), «Ulduzlar sonmür» (Hacı Zeynalabdin Tağıyev), «Nəsimi» (Nəimi), «Yeddi oğul istərəm» (Kələntər) və sair filmlərdə çəkilib.
İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Для отправки комментария необходимо войти на сайт.