

1992-ci il təvəllüdlü, Mingəçevir İnternat məktəbinin məzunu, tanınmış idmançı Qasımov Teymur Sabir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub.
Şəhid gizir Ağdərə rayonunun Talış kəndindəki yüksəklik uğrunda döyüşüb. Teymur Qasımov 2012-ci ildən ordu sıralarında olub.
On mindən yuxarı Mingəçevir sakini şəhidi son mənzilə yola salıb.
Şəhid Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Aprelin 2-dən 3-nə keçən gecə cəbhənin təmas xəttində baş verən döyüşlərdə şəhid olan Cəlilabad rayon Məlikqasımlı kənd sakini Nəsirov Röyal İmran oğlu hazırda doğulduğu kənddə dəfn olunur.
Azadinform xəbər verir ki, 1997-ci il təvəllüdlü Röyal Nəsirov Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkilləri Mirkazım Kazımov, Malik Həsənov, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Qeyd edək ki, Röyal Nəsirovun meyiti dünən ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından çıxarılıb.
Mərasimdə çıxış edənlər şəhidimizin yaxınlarına səbir diləyib, «Torpağı Vətən edən şəhidlərin qanıdır!» deyə bildiriblər. Onlar Silahlı Qüvvələrimizin son uğurlarını qeyd edərək Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını söyləyiblər.
Şəhid torpağa tapşırıldıqdan sonra havaya yaylım atəşi açılıb. Tabutuna bürünən Azərbaycan bayrağı şəhidin ailə üzvlərinə təqdim olunub.
Allah rəhmət eləsin!
Для отправки комментария необходимо войти на сайт.