2 APREL — GÖRKƏMLİ DRAMATURQ, MAARİFÇİ NƏCƏF BƏY VƏZİROVUN DOĞUM GÜNÜ

Стандартный
2 APREL — GÖRKƏMLİ DRAMATURQ, MAARİFÇİ NƏCƏF BƏY VƏZİROVUN DOĞUM GÜNÜ

Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub–yazmağı öyrənmişdir.

Vəzirov ilk təhsilini dini məktəbdə almışdı. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Burada müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur.. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: «1873–cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm».

1874–cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H. Zərdabinin təşəbbüsü ilə «İmdadiyyə» adlı dərnək təşkil edir.

1878–ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.

Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, «Yağışdan çıxdıq yağmura düşdük», «Müsibəti–Fəxrəddin», «Pəhləvanı–zəmanə» kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. 1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan «Həyat», «İrşad», «Təzə həyat», «Açıq söz» və s. qəzetlərində «Dərviş» imzası ilə «Balaca mütəfərrəqələr» başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir.. 1913–cü il noyabr ayının 15–də «Şəfa» maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. 1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 13–də orada ürək çatışmamazlığından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.

Реклама

Обсуждение закрыто.