31 MART — CABBAR QARYAĞDIOĞLUNUN 155 İLLİYİ

Стандартный
31 MART — CABBAR QARYAĞDIOĞLUNUN 155 İLLİYİ

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20 aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada «Seyidli» məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə «Qayabaşında», «Qırxpilləkəndə», «Ağzıyastı kahada» quzu otaran Cabbar saatlarla «Dəlikdaşın» üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan «Segah»ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Xanəndənin ifaçılığı «Heyratı» muğamında da yüksək qiymətləndirilmişdir. Xanəndə «Heyratı»nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan «Ovşarı» muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu «Şərq musiqisinin peyğəmbəri» adlandırırdılar.

Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir.

 Seyid Şuşinski,Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.

 

 

Реклама

Обсуждение закрыто.