20 MART — İLK OPERA MÜĞƏNNİMİZ HÜSEYNQULU SARABSKİNİN DOĞUM GÜNÜ

Стандартный
20 MART — İLK OPERA MÜĞƏNNİMİZ HÜSEYNQULU SARABSKİNİN DOĞUM GÜNÜ

HÜSEYNQULU SARABSKİ

Rzayev Hüseynqulu Məlik oğlu (Hüseynqulu Sarabski) (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən «Nicat» cəmiyyəti nəzdində «Müsəlman Opera truppası»nın yaradıcılarından biri və solisti, Məcnun («Leyli və Məcnun»), Şeyx Sənan («Şeyx Sənan»), Kərəm («Əsli və Kərəm»), Sərvər («O olmasın, bu olsun»), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.

Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında «Xan Sarabi» adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun «Sərgüzəşti-Vəziri-Xani-Lənkəran» komediyası idi. Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu.

Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun «Dilin bəlası» pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi.

«Leyli və Məcnun» üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynayıb.

 

Реклама

Обсуждение закрыто.