18 MART — BÖYÜK ŞAİR ƏLİ KƏRİMİN DOĞUM GÜNÜ

Стандартный

əli kərim

Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.

«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır.

Palatada saxlanmış şeirlərdən

Ey mənim yerimdə 
                     yatan qardaşım
bəzi məsləhətə ixtiyarım var;
Dəmir yaddaşında bu çarpayının
qalar o çəkdiyin sonsuz ağrılar.
Can vermək təcrübəm,
                sancı vuruşum,
Qızdırma yanğınım,
                üşütmə qışım,
İcazə verir ki,
               ağır halına
bircə qədəm atım
               azca qarışım.
Qorxu!
         Ürəyinə yol tapsa qorxu,
insan da ölməyə başlar o gündən.
Qorxu — kəşfiyyatçı,
          xəbər verəcək
ölümə o sənin hər illətindən.
O yol açacaqdır.
         ölüm gələcək,
Gəlib hazırına
         nazir olacaq,
Səni içəridən
         alacaq onlar,
yanacaq sinəndə
         sönməz bir ocaq.
Dərmana fikir ver.
         iynəyə də bax.
qarışıb onlara
         qorxu da keçər.
Qorxudan qorunmaq
          qüdrətin olsa,
Ölüm baş götürüb
          dünyadan köçər.

 

 

Реклама

Обсуждение закрыто.