15 MART — ŞAİR İSA İSMAYILZADƏNİN DOĞUM GÜNÜ

Стандартный

İSA İSMAYILZADƏ

İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963).

Ədəbi fəaliyyətə tələbəlik illərində «Aprel çiçəkləri» (1959) almanaxında və «Azərbaycan gəncləri» qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır.

1997-ci il iyulun 14-də vəfat etmişdir.

 

YARPAQ ODASI

Camal Yusifoğluna

Payızda ağaclar fikirli olur.
Fikirli-fikirli susar yarpaqlar,
fikirli-fikirli göyə sovrular,
başımın üstündə buludlar ağlar…

Payızın fikrini bilmək istəsən
gərək ağac olasan,
gərək yarpaq olasan
gərək budaq olasan.
Dəniz də fikirli, qağayılar da,
fikirli-fikirli yağar yağışlar.
Bütün illərimi, qayğılarımı
duyğumu evimə yığar yağışlar.

Dənizin fikrini bilmək istəsən,
gərək dalğa olasan,
Yağışın fikrini bilmək istəsən,
gərək  bulud olasan.
İlləri yenidən görmək istəsən,
Gərək vaxt olasan, sükut olasan,
qorxulu-qorxulu baxacaq onlar,
yuxulu-yuxulu baxacaq onlar.

Kimsə zəng eləyib, xəbər alacaq
yağışlı gecəni necə yatmışam.
Xidmətçi xala da dilxor olacaq:
— Bağışlayın, sizi gec oyatmışam.
Heç kəs o gülləri soruşmayacaq,
Lap axşama kimi mürgüləsələr,
güllərin yuxusu sovuşmayacaq.

Gecə bir kupedə yol gedəsiyəm
yuxusuz, mürgülü gözlərlə yenə
Yağışlı axşamın hədiyyəsini
bir qız alıb,
«sağ ol» deyəcək mənə.

O da oxşayacaq, sığallayacaq
qorxudan böyümüş şehli gözləri,
heyrətli gözləri, zərif gözləri,
ətirli gözləri, iri gözləri…

Lənkəran, 1970

 

Реклама

Обсуждение закрыто.