11 FEVRAL — ELZA İBRAHİMOVANIN XATİRƏ GÜNÜ

Стандартный

ELZA

Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmişdir.

 Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş «Yalan ha deyil» mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi «Qurban verərdim» əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan «Qurban verərdim»lə bərabər «Sən mənə lazımsan» (söz. Əliağa Kürçaylı), «Bağçadan keçmisən» (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, «Afət», «Şeyx Şamil» və «Yanan laylalar» operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən «Ey vətən» əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.

Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.

 

Реклама

Обсуждение закрыто.