18 YANVAR 1990 — KƏRKİ KƏNDİNİN İŞĞALI

Стандартный

Sədərəkin-Ermənistan-işğalı-altında-olan-Kərki-kəndi

1990 – cı il yanvarın 12 – də gündüz İliç (Şərur) rayonunun mərkəzində izdihamlı mitinq keçirildi. Sədərəyin, o cümlədən Şərur rayonun digər ərazilərinin erməni təhlükəsi qarşısında qalması və hökümətin buna laqeydlik göstərməsi mitinqdə kəskin tənqid olundu.

Səhəri gün, yanvarın 13-də, saat 14.00-da Sədərək kənd 1 saylı orta məktəbində geniş yığıncaq keçirildi. Gərgin keçən yığıncaq 7 saata qədər davam etdi. İclasda son dövrlər baş vemiş hadisələr ətraflı təhlil edilmiş və iclas iştirakçılarının irəli sürdüyü təkliflər toplanaraq 27 nəfərin imzası ilə Muxtar Respublikanın bütün rəhbər orqanlarına  göndərilmişdi. Beş maddədən ibarət olan müraciətin sonunda qeyd edilirdi ki, biz Sədərək və Kərki kəndinin azğın erməni basqınının təhlükəsi altında olduğunu və həmin kənd sakinlərinin tam gərgin vəziyyətdə yaşadığını Sizin nəzərinizə çatdırırıq. Bildiririk ki, 2 gün ərzində təcili tədbirlər görülməzsə, Sədərək və Kərki kəndləri əhalisinin təhlükəsizliyi təmin edilməzsə baş verə biləcək bütün faciəli halların məsuliyyəti sizin üzərinizə düşəcək.

15 yanvardan 16-na keçən gecə Kərki kəndindən hava telfonu ilə bildirmişlər ki, təxminən 2-3 min nəfər silahlı erməni kəndi mühasirəyə almışdır. Onlar səhər saat 7-dən kəndi atəşə tutmağa başlamış, kəndin müdafiəçiləri, Daxili Xidmət Qoşunlarının 60 nəfər əsgəri  köməyə gələnə qədər onlarla döyüşmüş, düşmənin qarşısını kəsmişlər. Ermənilər kənddəki mağazanı, pavilyonu və bir evi yandırsalar da geri çəkilməyə məcbur olmuşlar. Bu döyüşdə bir erməni öldürülmüş, ikisi isə yaralanmışdır. Kərki müdafiəçilərinə Sədərəkdən BTR – lə gəlmiş 3 nəfər Lənkəranlı hərbçi yaxından köməklik etmiş, onların səyi nəticəsində faciənin qarşısı alınmışdır. Ermənilər geri çəkildikdən sonra körpünün altından ABŞ-da istehsal olunmuş 2 avtomat və çoxlu patron tapılaraq SSRİ Müdafiə Nazirliyinə təhvil verilmişdir.

Arazdəyənlə Sədərək arasında yerləşən milis postunda növbədə olan milis kapitanı Vidadi Qafarov yanvarın 17 – də telefonla İliç rayon Daxili İşlər Şöbəsinə bildirdi ki, ermənilərin bir qrupu Sədərək mebel sexinin tuşundan dəmir yoluna tərəf enərək sərhədlərimizə yaxınlaşırlar. Bu xəbərdən sonra  milis rəisi Allahverdi Həsənov xidməti maşını ilə hadisə yerinə gələrək əməliyyata rəhbərlik etməyə başladı. Şərab zavodu yaxınlığındakı posta milis əməkdaşları Azər Seyidov, Vidadi Qafarov, Bayram Rzayev, Əli Əliyev, Samil Rəhimov, mebel sexi yaxınlığındakı posta isə kapitan Məhərrəm Seyidov, milis əməkdaşları Saleh Əzizov, Səfər Məmmədov göndərildi. Bir qədər sonra vəziyətin gərgin olmasını nəzərə alaraq həmin əraziyə  baş leytenant F. Novruzov, leytenant F. Zamanov və baş leytenant Ş. Hüseynov da göndərildi. Postların gücləndirildiyini görən ermənilər səhər saat 11.00 radələrində həmin postları raket, plumyot və top atəşinə tutdular. 

Yanvarın 18-i səhər də Kərki kəndi inadla müdafiə olunurdu. Axşama qədər Kərkinin igid müdafiəçiləri ermənilərə layiqli müqavimət göstərdilər. Lakin qüvvələr nisbəti qeyri – bərabər olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili Xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edən 34 nəfər mülki şəxs və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkini əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Onlar da kəndi ermənilərə hədiyyə etdilər. 

http://karabakhinfo.com/26812

 

Реклама

Обсуждение закрыто.