11 YANVAR 1920 — AZƏRBAYCAN TARİXİNİN QİYMƏTLİ SƏHİFƏSİ

Стандартный

Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə «Antanta» ölkələri və ABŞ-ın Parisdə çağırdıqları sülh konfransı. 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-ə qədər davam etmişdir.

 Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu «Böyük üçlük» — ABŞ prezdenti Vudro Vilson, İngiltərənin baş naziri Lloyd Corc və Fransa baş naziri C.Klemanso oynayırdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutdu. Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olundu.

Azərbaycan nümayəndə heyəti Parisə yola düşdü və 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun 1 illik inkişaf yolu və istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.

Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri “Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri” adlı kitabçası idi. Bu sənəd böyük tirajla fransız və ingilis dillərində çap edilərək yayıldı. Sənəddə Azərbaycanın mənşəyi haqqında məlumat verilir, xanlıqlar, çar Rusiyası dövründə vəziyyət şərh edilir, Azərbaycanın türk yurdu olması göstərilir, Zaqafqaziya Seymi, onun zəifləməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi icmal verilir, bolşeviklərin və ermənilərin təcavüzkar hərəkətləri haqqında danışılırdı.

Azərbaycan nümayəndə heyətinin müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınması barədə cavabsız müraciətlər etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram edirdi.

1325689963_azerbaijani_delegation_in_paris-1Azərbaycan parlamentinin nümayədə heyəti Parisdə

Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşanın paytaxtlarında fəaliyyət göstərəcək diplomatik nümayəndəliklərin yaradılması haqqında qanun qəbul etdi. Bundan başqa, Azərbaycanın Təbriz, Xoy, Ənzəli, Rəşt, Əhər, Məşhəd, batum, Kiyev, Krım, Aşqabad və başqa yerlərdə konsulluqları fəaliyyət göstərməyə başladı. Bakıda isə Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveç, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və digər ölkələrin müxtəlif səviyyədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi.

 

 

Обсуждение закрыто.