1945-ci ilin noyabrında Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin katibi H.Arutyunov Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında rəsmi məktubla İ.Stalinə müraciət edir. Öz xahişini o belə bir yalan məlumatla əsaslandırmağa çalışırdı ki, guya Dağlıq Qarabağ Ermənistan SSR-lə həmsərhəddir və onun iqtisadiyyatı Ermənistanın iqtisadiyyatı ilə sıx bağlıdır. Həyasızlıq o yerə çatır ki, əgər həmin məsələ müsbət həll olunarsa, onda Ermənistan hökumətinin Qarabağın keçmiş mərkəzi və 1920-ci il hadisələri zamanı dağıdılmış Şuşa şəhərinin bərpası haqqında hazırlanmış əlavə təkliflərinin də mərkəzi hökumətə təqdim edəcəyini bildirirdi. Həmin məktubu İ.Stalin G.Malenkova ünvanlayır. G.Malenkov isə öz növbəsində onu cavab üçün Azərbaycan SSR rəhbərliyinə göndərir. Dağlıq Qarabağın tarixi və onun əzəli Azərbaycan torpaqları olması barədə ətraflı və əsaslandırılmış arayış hazırlatdıran M.C.Bağırov G.Malenkova məktubunun sonunda bildirirdi ki, Şuşa rayonunu çıxmaq şərtilə Azərbaycan hökuməti təklifə etiraz etmir. Bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlıların yığcam yaşadığı, Azərbaycanla sərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycan SSR-ə qaytarılsın. Vəziyyətin bu cür mürəkkəbləşdiyini görən «ulu rəhbər» bu təklifin gələcək inkişafına nöqtə qoyur.
http://1905.az/ermənilər-dagliq-qarabaga-muxtariyyati-necə-verdiriblər/