Salyanın ən geniş küçəsi gərək bu insanın adını daşıyaydı. Ən böyük bağda onun heykəli qoyulaydı. Gərək Salyanın hər məhəlləsində kinoteatr olaydı və ən böyüyü də Həsən Məmmədovun adını daşıyaydı.
İndi Salyanda bir dənə də kinoteatr yoxdur…
Hər məhəllədə məscid var və bu məscidlərdə İranın şarlatan və tiryəkçi ruhanilərindən gələn risalələr salyanlıların başına yeridilir…
Gündüz-günorta tiryək, anaşa satılan məhəllələr də var…
Bura Bakıdan təyin olunan deputatlar qoyun sürüləri saxlatdırırlar, nar, üzüm bağları saldırırlar, balıq tutdururlar, şitilik becərdtirirlər…
Kino mədəniyyətdir, mədəniyyət göstəricisidir. Və kino həm də ölkənin, millətin inkişaf göstəricisidir, çünki kino özü istehsalatdır, sənayedir. Amerika kinosuna, Amerika sənayesinə baxın – fikrim aydın olar.
Azərbaycanda indi kino yoxdur, çünki istehsalat yoxdur, sənaye yoxdur.
Kino ümumuyyətlə inkişaf göstəricisi və faktorudur, o cümlədən şəxsiyyət inkişafının. Kino, Baxtinin termologiyasıyla desək, dialoq sənətidir – kinoda insanlar danışırlar – bir-birləriylə, özləriylə, hakimiyyətlə, Yaradanla…
Din insanı susdurmağa yönəlib, salyanlı mollanın məqsədi salyanlını düşünməyə, danışmağa öyrətmək deyil, salyanlı mollanın məqsədi şarlatan və tiryəkçi İran ruhanisindən gələn risaləni salyanlının başına yeritməkdir.
Teatr, kino olmayan yerlərdə hökmən fanatizm, cəhalət ayaq tutub yeriyəcək. Ruhanilər də aktyor, oyunbazdırlar, mərhum Yaşar Qatarev Şeyx Nəsrullahdakı dahi aktyorluq keyfiyyətini qeyd edirdi. Və vaxtilə gün ərzində dörd-beş seans Salyan kinoteatrını ağzınacan dolduran salyanlılar indi molla tamaşalarına yığılıarlar….
Bəlkə də haçansa kinematoqraf Salyana qayıdacaq və balaca salyanlılar dünya kinosunun cazibəsiylə özləri aktyor, rejissor olmaq arzusuna düşəcəklər. Yəqin bir vaxt Həsən Məmmədov da beləcə aktyor olmaq həvəsinə düşüb.
Həsən Məmmədov Azərbaycan kinosunda bəlkə də yeganə yüzfaizlik kino aktyorudur. Kamera qabağında dayanmağa bu insanın anadangəlmə istedadı olub.
Ancaq Həsən Məmmədov yeganə salyanlı aktyor deyil. Bəlkə də bir gün Salyanda bu şəhərdən, bu rayondan çıxmış gözəl aktyorların adına bağ salınacaq. Və orda hökmən Ağamməd oğlu Həsənin də heykəli olacaq…
X.X.
22.11. 15, Samara
Для отправки комментария необходимо войти на сайт.