
Ay molla əmi, bilmirəm niyə bu Salyan cavanlarının əlləri dinc durmur? Axır ki, Salyanda nə itifaq düşürsə, təhqiq etməmiş qəzetlərə yazırlar. Məsələn, şkola şagirdləri iki dəfə yazıb “İrşada” şkola naziri Poqosov cənablarından şikayət eləyirlər ki, mərhum Müzəffərəddin şah şagirdlərə əta buyurduğu yüz manat qənfet pulunu guya Poqosov cənabları bu hala kimi saxlayıb vermir. “İrşad” idarəsi dəxi bu işi təhqiq etməyib çap eləmişdi. İndi belə məlum olur ki, qospodin Poqosov çoxdan o pulu qüvveyyi-həzmiyyəyə göndəriblər və şagirdlərin yazmağı nahaq imiş.
Ay molla əmi, təəssüf burasıdır ki, hələ şagirdlər deyiblər ki, genə yazacayıq. Öz aramızdır ha… öz müsəlmanımız on iki manat ianə pulunu yeyəndə erməni yüz manat qənfet pulunu yeyib böyük bir iş eləməyib ki. Genə evi abad olsun.
Bəndə xeyirxah olduğuma görə sizə və “İrşad”a pişəzvəqt məlum edirəm ki, Salyandan gələn kağızları təhqiq etməmiş çap etməyəsiz. Demirəm yazacaqlar ha…Xudanəkərdə əgər yazsalar ki, Salyanda qarovulçu budkasına oxşayan qiraətxananı pulsuzluq cəhətyinə qapadılar, bunu çap etməyəsiz. Çünki belə danışırlar ki, bu yaxın zamanda, yəni İsrafil düdüyünü çalanda üzvlər yığılıb bu barədə müzakirə edəcəklər.
Pərişan
“Molla Nəsrəddin”, 1907-04