Daily Archives: 23.10.2015

NƏBATİ: «BU BAŞ O MEYDANƏ GƏLSİN, GƏLMƏSİN?»

Стандартный
NƏBATİ: «BU BAŞ O MEYDANƏ GƏLSİN, GƏLMƏSİN?»

23 oktyabr gözəl qoşmalar və əqəzəllər müəllifi Seyid Əbülqasim Nəbatinin (1812-1873) doğum günü sayılır.

Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.

Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.

Seyid_Əbülqasim_Nəbatinin_məqbərəsiSeyid Əbilqasim Nəbatinin məqbərəsi

Səba, məndən söylə o gül’üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə’li-ləbin əmim, sorum dilini,
Istər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Əfsanəvi muğam ustası Ağabala Abdullayev Nəbatinin qoşmasını Zabul üstündə oxuyur

Реклама