Daily Archives: 22.10.2015

«TARİXİ-NADİRİ» OXUYURUQ: 22 OKTYABR ŞAHIN DOĞUM GÜNÜDÜR

Изображение
«TARİXİ-NADİRİ» OXUYURUQ: 22 OKTYABR ŞAHIN DOĞUM GÜNÜDÜR

NADİR ŞAH ƏFŞARNadir şah Əfşar (fars. نادر شاه‎ Nâdir Şâh; 22 oktyabr 1688 – 19 iyun 1747) – İran, Türküstan, Azərbaycan və Hindistanın şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona «Şərqin Napoleonu» və «ikinci Makedoniyalı İsgəndər» kimi adlar veriblər.

İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu. Hələ on səkkiz yaşı tamam olmamış o anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah I Təhmasibə müraciət edir. 1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.

I Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.

Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirlə Əşrəf arasında həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir. Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı türklərindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi.

Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq, bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.

NADİR ŞAH rəngli

A.Bakıxanovun yazdığına görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə osmanlıların qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qapısında qoyaraq, 15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirlə döyüşə girməkdən boyun qaçırır və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədi ilə Nadir belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadiri İrəvana qədər təqib edir. Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadir osmanlılarla ölüm-dirim savaşına girir. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra İrəvan qalası və Tiflis qalasındakı osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə Nadirqulu xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır. Və həmin mübarizədə gələcək müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadirqulu şahın tabeçiliyindən ilk çıxan belə müstəqil xanlıq Şəki xanlığı olmuşdu. 1735-ci ildə bağlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Osmanlı ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə sünni Türkiyəyə meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir əz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumuğa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır. Read the rest of this entry

Реклама