
«Surxay xanın Şirvandakı hökmranlığına və ümumiyyətlə, türklərin Qafqazdakı fəaliyyətlərinə həmişəlik son qoymaq üçün Nadirqulu xan 1734-cü ilin iyununda Azərbaycana yürüş etdi. O, Ərdəbildən, Təbrizdən türk qoşunlarını qovduqdan sonra Surxay xanın Şirvandan çıxmasını tələb etdi. Lakin Surxay xan nəinki Şirvanı tərk etdi, əksinə, cavab məktubunda bildirdi kn, «o, Şirvana ləzgi şirlərinin qılıncı gücünə yiyələnmişdir, heç kəsin ona bu cür təklif verməyə ixtiyarı yoxdur». Belə kəskin cavab alan Nadirqulu xan 1734-cü ilin yayında Şamaxıya tərəf irəlilədi. İran qoşunlarının gəlməsindən təşvişə düşən Surxay xan təcili surətdə Şamaxını tərk etdi. Bir işğalçının əlindən can qurtaran şamaxılılar yeni işğalçıya baş əymək istəməyərək, şəhərin müdafiəsinə çıxdılar. İki ay davam edən ciddi müqavimətdən sonra, sayca üstünlük təşkil edən Nadir avqustun axırında şəhəri tutmağa nail oldu. Ciddi müqavimət göstərdiyinə görə, Nadirqulu xan şəhərin büsbütün dağıdılmasını əmr etdi, Əhalisini isə Ağsuya köçürdü. Surxay xan isə Dağıstana qaçdı və Nadiri buraya buraxmamaq üçün qısa müddətdə ətrafına 12 minlik qoşun topladı. Mustafa paşa, Nuru paşa və Fəti Gəray sultanın başçılığı altında səkkiz minlik qoşun da ona köməyə tələsdi. Surxay xan İran qoşununa qarşı mübarizə aparmaq üçün Krım xanını da köməyə çağırdı. Krım qoşunları Kaxetiya və Balakəndən keçməli idilər, Lakin yolda Kaxetiya çarı Teymuraz onları geri oturtdu. İran qoşununun yaxınlaşdığını eşidən Surxay Göysu çayı üzərindəki yeganə körpünü uçurmağı əmr etdi. Lakin bu, Nadirqulu xanı qorxutmadı və qoşun asanlıqla çayı keçdi. Surxay təcili Qazıqumuğu tərk edib Avarıstana qaçdı. İran qoşunu Qazıqumuğu talan edib, yandırdı. Surxay xanı izləyən İran qoşunları Samur vilayətinin Axta kəndinə tərəf istiqamət aldılar. Nadirqulu xanın qoşunu bu yerləri qarət edərək, 1734-cü il oktyabrın 3-də Şamaxıda qalmış qoşun hissələri və topxana ilə Qəbələyə gəldi. Nadirqulu xan buradan qoşununu Şimali Azərbaycanda türklərin baş dayaq nöqtəsi sayılan Gəncəyə apardı. 1734-cü ilin oktyabrında Nadirqulu xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar. Mühasirə 4 ay davam etdi. Uzunmüddətli mühasirə Nadirqulu xana baha başa gəldi. Bu, eyni zamanda, xalqın qarət edilməsinə, ondan daha çox xərac toplanmasına səbəb oldu. Qışın yaxınlaşmasına baxmayaraq, Gəncənin mühasirəsi davam edirdi. Nadirqulu xan, eyni zamanda, rus qoşununun Xəzərboyu vilayətləri tərk etmələri barədə Rusiya dövləti ilə çoxdan başladığı danışıqları qurtarmaq qərarına gəldi. O, 1734-cü il dekabrın 5-də öz səfiri Hüseyn xanı Rusiyanın diplomatik nümayəndəsinin müşayiətilə Peterburqa göndərdi. Hələ nümayəndə yolda ikən Bakıda olan V.E.Levaşov Peterburqdan rus qoşununun Xəzərsahili əyalətlərindən tamamilə çıxması barədə gələcək müqavilənin layihəsini almışdı. İran hökumətinin irəli sürdüyü təkliflərə Rusiyanın işgüzar dairələri razı olduqdan sonra, 1735-ci il martın 10-da Gəncə yaxınlığında Rusiya ilə İran arasında müqavilə imzalandı. Həmin sülh müqaviləsinin şərtlərinə görə, rus qoşunu Xəzərsahili vilayətləri tamamilə tərk etdi…»
Для отправки комментария необходимо войти на сайт.