
1 oktyabr — qəzəlxan Əlağa Vahidin(1895-1965) ölüm günüdür.
Qəm çəkmə könül, məclisə canan yenə gəldi,
Bu qalibi-biruhə verən can yenə gəldi.
Bir neçə gün olmuşdu günüm tirə qəmindən,
Şad etdi məni ol məhi-taban yenə gəldi.
Ahəstə yağıb başına öz ləşkəri-zülfün,
Könlüm evini etməyə viran yenə gəldi.
Sal boynuma, canana dedim, həlqəyi-zülfün,
Güldü, dedi, divanəyi-dövran yenə gəldi.
Fərhada deyin, eyləməsin dafidə fərhad,
Bu məclisə ol xosrovi-xuban yenə gəldi.
Qan ağlama, bülbül,dəxi gülzar həvəsində.
Əyyami-xəzan keçdi,gülüstan yenə gəldi.
Vahid, bilir aləm məni, ol zülfə əsirəm,
Sən çox demə məcnuni-biyaban yenə gəldi.
====================
Nə qədər eşqimiz, ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq ?
Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan rəhm edəcək bülbülü-biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?
Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq ?
Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
Bilmədim, xatirim eşqində pərişan olacaq .
Sən götür məscidi zahid, bizə meyxanəni ver ,
Kim bu işdə görək axırda peşiman olacaq ?
Hələ Vahid , meyə meyl eyləmə, qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.
Для отправки комментария необходимо войти на сайт.