Daily Archives: 18.09.2015

«MEYMUN ÖZÜ OLA-OLA MƏNƏ DEYİR…»

Изображение

ГАДЖИБЕКОВ18 sentyabr — Üzeyir Hacıbəyovun doğum günüdür

 

«O olmasın, bu olsun» komediyasından səhnə

R ü s t ə m b ə y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağır-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm.

R z a b ə y (kənara). Kişiyə yox, kişinin puluna.

 R ü s t ə m b ə y. Və özüm də bu qohumluğu özüm üçün….

 R z a b ə y. Pul dağarcığı hesab edirəm.

 R ü s t ə m b ə y. Böyük bir şərəf hesab edirəm.

 H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin! Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və «zakuska» düzürlər.

R ü s t ə m b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş edək.

 Hamı oturur, M ə ş ə d i İ b a d d a n başqa.

 R z a b ə y. Bəs Məşdi İbad?

 M ə ş ə d i İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir).

H ə s ə n q u l u b ə y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim.

H a m ı. Buyur, buyur.

H ə s ə n q u l u b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir.

 M ə ş ə d i İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm.

 H ə s ə n q u l u b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad!

 H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad!

 Ə s g ə r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə dayan!… Dayanmadı, part, bir güllə!… Bir də gordum: sarap!… Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?… Həmin bu Məşdi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm.

M ə ş ə d i İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?!

 R z a b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?

R ü s t ə m b ə y. Çox sağ ol, çox razıyam!

R z a b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir).

R ü s t əm b ə y. Rza bəy, hara buyurursan?

R z a b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.

H ə s ə n q u l u b ə y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.

 O b i r i l ə r i. Vallah, biz də başa düşmədik.

M ə ş ə d i İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur).

R ü s t ə m b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.

H ə s ə n b ə y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!

H a m ı. Buyur-buyur!

M ə ş ə d i İ b a d. Görək, bu nə deyir?

H ə s ə n b ə y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni insan bir sürü heyvandır.

 M ə ş ə d i İ b a d. Heyvan özünsən!

H ə s ə n b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı «buşmen»lərə və «kontintot»lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir.

M ə ş ə d i İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan.

H ə s ə n b ə y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rüstəm bəy! H a m ı (yavasdan). Yasasın, yasasın!…

R z a b ə y. Maşallah bu kəlama!

H ə s ə n q u l u b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa!

 H a m ı. Duraq! (Dururlar).

Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?

H a m ı. Bəli, vaxtdır.

H ə s ə n q u l u b ə y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl verir). Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz.

H ə s ə n b ə y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir).

 M ə ş ə d i İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?

R ü s t ə m b ə y. Nə oldu, nə oldu?

H ə s ə n b ə y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu! Hamı yığılır. «Nə oldu, nə oldu?» deyib, aralaşdırırlar, şuluqluq düşür.

M u s i q i H ə s ə n b ə y. Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə) Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə)

 H ə s ə n q u l u b ə y. A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,

 İntiligent ola-ola savaşırsan. (2 dəfə)

 M ə ş ə d i İ b a d. Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə).

 Meymun özü ola-ola mənə deyir.

H a m ı. A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)

 Xalqın evində dava etmək pis şeydir.

Xalqın evində dava etmək pis şeydir.

Adama yaraşmaz, adama yaraşmaz,

 Adama yaraşmaz, maz, maz, maz, maz, maz….

P ə r d ə

Реклама

«BİR BAXIB GÖRÜM MAL NƏ CÜR MALDIR…»

Стандартный
«BİR BAXIB GÖRÜM MAL NƏ  CÜR MALDIR…»

ГАДЖИБЕКОВ

18 sentyabr — Üzeyir Hacıbəyovun doğom günüdür. Onun əsərləri, Heminqueyin sözləriylə desək, həmişə, hər gün bizimlə olan bayramdır.

«O olmasın, bu olsun» komediyasından bir səhnə 

M ə ş ə d i İ b a d. İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun!

 R ü s t ə m b ə y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir).

M ə ş ə d i İ b a d. Min manat sənə bəsdirmi?

R ü s t ə m b ə y. Min də üstə artır. M ə ş ə d i İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var.

R ü s t ə m b ə y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündədir.

 M ə ş ə d i İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm (pul çıxardıb verir).

R ü s t ə m b ə y. Olar (pulu alır). Zərər yoxdur.

M ə ş ə d i İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən?

R ü s t ə m b ə y. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (gedir).

 M ə ş ə d i İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!… (Sükut). A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır). A zəhrimar!… Görünür ki, heyvan balası dəllək hənan? pis yax?bd?r. (C?xard?r). Puf!… Rədd ol, sarlatan!… Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: Hərgah belə qoysam (gəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik, menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski olam. (Bir kreslo üstündə bardaş qurub oturur.)