Daily Archives: 23.06.2015

“ƏKİNÇİ”: BİZ MÜSƏLMANLAR ELMDƏN VƏBADAN QAÇAN KİMİ QAÇIRIQ

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Keçən nömrələrdə Rusiya dövlətinin, xalqının və məktəbxanalarda oxuyan şagirdlərinin hesabından xəbər verdik ki, həştad milyonacan xalqdan bir milyon oxuyan var. Əlbəttə, ol qədər oxuyana çox demək olmaz. Ona binaən ki, hər həştad adamdan bir adam oxuyur.

Amma qeyri vilahətlərdə, Yeni dünya, yəni Amerika qitəsində jəmahiri-müttəfiqə yerlərində hər 15 adamdan birisi oxuyur. Pəs Rusiya elm təhsil etməkdə qeyri millətlətdən geri qalıb. Bu axır zaman on illik müddətində Rusiya oxuaqda çox tərəqqi edib. On il bundan əqdəm zikr olan oxuyanlaırın nisfi qədər oxuyan olmayıb, amma indi Rusiyada ol qədər oxumaq istəyən var ki, tamam məktəbxanalar dolubdular və hər il də hər bir məktəbxanaya oxuçaqdan ötrü ol qədər ərizə verən olur ki, onlardan yer olmadığına beşdən bir adamı götürmək olur. Ona binaən həmişə təzə məktəbxanalar bina olunur. Çünki ol qədər məktəbxanaları dövlət saxlaya bilməz, ona binaən hər bir şəhərin ijması səy edir ki, öz xərci ilə şəhərlərində məktəbxana açsınlar. Rus qəzetlərini oxuyanlara məlumdur ki, onların hər bir nömründə belə məktəbxanalar açılmaqdan xəbər verilir. Bizim Qafqazda, məsələn, Badkubə quberniyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına görə ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan milllətlər oxumağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurubdurlar. İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir? Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən çox erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır. 33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən 30-can Badkubə əhlidir ki, əvvəlinci klasa giribdirlər, rus dili öyrənib sonra öz dastədlərinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz. Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxuçaq istəmirik. Məsələn, dağıstan müsəlmanlarından Badkubə gimnaziyasında gərək 15 padşahlıq xərcilə oxuyan olsun, amma müsəlmanlar oxumaq istəmədiyinə görə ancaq 13 müsəlman oxuyur, ikisinin əvəzində rus uşaqları oxuyurları.  Belə olan surətdə biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə ol cəngdə məglub olub mürur ilə tələf olacayıq.

Necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm təhsil etməyə səy edirlər, yəni zindəganlıq cəngində onların birisi əlli müsəlmana bərabərdir. Onların birisi qazandığı dövləti əlli müsəlman qazanır. Əlbəttə, bu səbəblərə bizim ac qarnimıza ağrı, üryan bədənimizə soyuq dəyib bizləri tələf edəcəkdir. Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, amma bizlər Allahdan buyuruq, ağzıma quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin… Xoşa o kəslərə ki, kim bilir, kim qazana, kim yeyə, əbləh odur ki dünya üçün qəm yeyə — deyib gələcəkdən bixəbər olub onun fikrini çəkmirlər!

“ƏKİNÇİ”, 4 noyabr 1875