Peterburqda bir padşahlıq kitabxanası var ki, onun hər ildə 800 000 manat xərci olur. Ol kitabxanada 900 000 basma, 30 000 yazma kitab və 75 000 kitab surəti var. Qiymətli kitabları şüşə altında saxlayırlar ki, onlara dəyməsinlər. O cümlədən bir qızıl cildli Quran var ki, qiyməti 33 000 manat. Kitabxana hır gündə sübh saat ondan axşam saat doqquzacan açıqdır və hər kəs gedib orada müftə kitablar və qəzetlər oxuya bilir. Hər bir dildə çap olunan kitabları və qəzetləri orada tapmaq olur və əgər bir kəs bilsə ki, filan kitab yoxdur, ol vaxtda deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yek şənbə günü kitabxananı hər bir kəs gedib tamaşa edə bilir. Orada bir dəftər var ki, hər kitabxananı gəzən mütəşəxxis adam ona öz dəsti-xətti ilə qol çəkir, o cümlədən həzrəti Nəsrəddin şah ona qol çəkib.
Əsgər GORANİ
“Əkinçi” qəzeti, 16 yanvar 1876