Daily Archives: 11.06.2015

«ƏKİNÇİ» : «RUSSKİ MİR» YALAN YAZIR…

Стандартный

Bizim müsəlmanlar bədbəxt olub sünni və şiəliyi və bir neçə məzhəb adablarını yoxlamağa binaən həmişə biri-birinə düşmənlik ediblər. Çünki indi elmüləbdan və əqlülməaş barəsində mübahisə düşüb və hər iki tərəf oxuduğunu qeyri cürə başa düşür, ona binaən bizim üləmalardan iltimas edirik ki, o hədislərin hikmətini xalqa bəyan etsinlər, ta ki bizim aramıza təzədən ayrılıq və düşmənçilik düşməsin. Munşivi-“Əkinçi”yi-Qafqaz qəzeti Peterburq qəzetindən rəvayət edir ki, İran padşahının əqvamından əvvəlinci vəzirin oğlu Hacı Mahmud Hüseyn xan Moskvada olanda xaçpərəst olub və indi minastıra giribdir və soruşublar ki, vətəninə getmək istəmirsən? Cavab verib ki, getsəm, başımı qopararlar. Yəqin bu xəbəri yayan “Russki mir” qəzeti olub…Zikr olan qəzet belə xəbər çıxarmağına səbəb oldur ki, onlar xəyal edirlər ki, bu babda hər nə yazılsa, heç kim həqiqətinə yetiişməz. Əvvələn, şahın rikabında heç zikr olan adam olmayıbdır. Saniyən, Hacı Mirzə Məhəmməd Hüseyn xan şahın əvvəlinci vəzirinin məxsusi adıdır. Salisən, o ad heç müsəlman adlarının rədifinə müvafiq deyildir. Rabiən, şahın məzkur əvvəlinci ministrinin zükurən və ünasən heç bir övladı yoxdur. Əgərçi müsəlmanlar zikr olan qəzeti oxumurlar və onları həcv elədiklərini eşitmirlər, amma ol xəbəri çıxaranın bu gunə rəftarı insaniyyət rəsminin xilafıdır.

Heydəri

“Əkinçi”, 18 dekabr 1875

Реклама