DADAŞBALA, HEY! CƏFƏRQULU, HEY! FATMANİSƏ, HEY!

Стандартный

Bu yaxınlaracan çox qəmgin olurdum ki, mən camaat arasında məşhur deyiləm, yəni küçəyə çıxanda məni tanımırlar. Uzaqdan görüb demirlər ki, Mirzə Əlil gəlir, Mirzə Əlil gedir, salam vermirlər, üzümə gülmürlər. Boynuma alım ki, canımda bir az şöhrətpərəstlik azarı var. Həm də fikirləşirəm ki, xalq tanıyar, sayar, sonra bu çatar prezidentin qulağına, bir də gördün əməkdar artist adı verib… Ancaq bu yaxınlarda Samaranın vağzalına adam ötürməyə gedəndən istəmirəm ki, məni bir adam tamısın. Ən çox da indi məni öz soydaşlarımızın tanımağından qorxuram….

Vağzala yaxınlaşdım, nə yaxınlaşdım! Elə bildim ki, Samarada yox, Azərbaycanın kolxoz bazarlarının birindəyəm. Soydaşlarımız bir qışqırırdılar, bir hay-küy salırdılar ki, qulağını tut qaç. Vağzalın yarısı bəlkə elə bizim soydaşlarımızdı və hamısı da bir-birini uzaqdan-uzağa haylayırdı: Əhməd, hey! Qarabala, hey! Qəmbərqulu, hey! Dadaşbala, hey! Ürəyimdə dedim ki indi birdən qışqıralar: Mirzə Əlil, hey! Vallah, bu iş baş versəydi, gərək elə bu vağzaldaca Mirzə Əlil ölüb yerə girəydi. Allaha çox şükür ki, tanıyan olmadı. Ancaq mənim ötürdüyüm adamı min yerdən huyladılar, yüz yürdən qamarladılar, əlli yerdən sıxışdırdılar və yazıq bir günə düşdü ki, qatara yarımcan mindi…

Bu heç, qışqırıb-bağırmağı tərgidə bilmirik. Ancaq məni bir şey də darıxdırır: bu milllət niyə belə tökülüb çöllərə? Bu millət axı Paris, London, Madrid, Peterburq muzeylərinə baxmağa getmir, Rusiya şəhərlərinə və kəndlərinə pul qazanmağa gedir. Və niyə bu pulu xalqımız pulun yerdən fəvvarə vurub çıxdığı Azərbaycanın özündə qazanmır?

Elə vağzalda bir zərdablı soydaşımızla danışdım. Samaraya qonaq gəlib. Özü də müəllimdir. Deyirəm Azərbaycanda vəziyyət necədir, deyir ki, əladır. Prezidenti soruşuram, deyir yer üzündə belə prezident yoxdur, allah başqa ölkələrə də belə prezident qismət eləsin. Manatın vəziyyətini xəbər aldım, deyir manatdan yaxşı dünyada pul ola bilməz, manata ürəyin nə istəyir verirlər: vəzifə, qulluq. İstəyirsən bir şələ manat ver, qonşunu tutdur saldır dama. Manat açan qapının yanında dollar boynunu bükür. Dedim yaxşı, məktəbdə işlər necədir, uşaqlar necədirlər, necə oxuyurlar? Zərdablı müəllim təəccüblə soruşdu ki, nə şagird? Məktəbdə şagird hardaydı? Camaat hamı Rusiyada, Türkiyədə. Qocalardan başqa kəndlərdə kim qalıb ki…

İndi özünüz fikirləşin: əgər ölkə də yaxşıdırsa, prezident də yaxşıdırsa, manat da yaxşıdırsa, niyə camaat bu yurddan çıxıb üz tutur qərib ölkələrə?

Ancaq bu yandan da fikirləşirsən ki, elə getsələr yaxşıdır. Azərbaycanda hər gün öndərimizin yeni heykəlləri qoyulur, muzeyləri yaradılır. İndi hələ həngamə bir monument də ucaldılacaq. Heydər Əliyevin hakimiyyətə gəlməyi kimi ümumbəşər hadisənin şərəfinə . Bu monumentdən gərək hər küçədə, hər tində ucaldıla. Və Azərbaycan indi çevrilməyibsə, bu-gün-sabah monumentlər, abidələr, heykəllər, muzeylər ölkəsinə çevriləcəık. Belə ölkədə də əhalinin yaşamağı məsləhət deyil. Niyə burnufırtıqlı uşaqlar bu gözəl monumentlərin həndəvərində qaçdı-tutdu oynaysınlar? Dünyada nə çox ölkə, belə uşaqlardan ötrü ölürlər, gedib yaşasınlar da. İşləməkdən qədddi əyilmiş, sinələri batmış arvadlarımız, vallah, bu gözəl ölkəyə yaraşmırlar. Onların yeri Sibirdir, Kaqalımdır, Kamçatkadır. Azərbaycanda bu gözəl-göyçək abidələri silib-təmizləməyə, ətraflarını süpürməyə beş-on min adam qalsa, bəsdir. Yaxşı işləri görməyə isə ingilislər var, almanlar var. Mən şəxsən özümü Azərbaycana yaraşdırmıram. O cür prezidenti olan ölkənin vətəndaşları da gərək seçmə ola, layiqli ola.

Ancaq ola bilsin ki, iki yüz il, üç yüz il sonra Azırbaycana ayrı bir prezident gələr, o da camaatdan olar, camaata oxşayar. Hə, onda əhali də orda yaşaya bilər. Ola bilsin ki, həmin prezident gedib çıxar lap uca bir yerə, məsələn, BMT-nin xitabət kürsüsünə və ordan başlar yazıq, dağınıq azərbaycanlıları öz ölkələrinə çağırmağa: Məmmədhəsən, hey! Fatmanisə, hey! Qəmbərqulu, hey!

Çox təəssüf, Mirə Əlil o vaxtacan yaşamayacaq ki, onun da batmış adı çəkilsin.

Təki sizin adınız çəkilsin, ay mənim didərgin, avara soydaşlarım!

 

                                                                        Mirzə Əlil

                                                                   21.07.08, Samara

 

 

 

 

Добавить комментарий

Please log in using one of these methods to post your comment:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s